19 Sentyabr 2014

Hesabatlar

Kənd rayonları üzrə ümumi təhsil sahəsi
 
2008-ci ildə şöbənin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 04 sentyabr tarixli 2373 nömrəli Sərəncamının icrası, TSİL çərçivəsində «Kurrikulum islahatı» alt-komponenti üzrə icra planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı və Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı üzrə Dövlət Proqramlarının icrası istiqamətində Fəaliyyət Planlarının reallaşdırılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində işlərin təşkili, mərkəzləşdirilmiş imtahanların keçirilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası və digər məsələlərin həllinə, ali məktəblərə tələbə qəbulunun nəticələri, 5 günlük tədris həftəsinə keçidlə əlaqədar vəziyyətin təhlil edilib ümumiləşdirilməsi və müvafiq təkliflərin hazırlanmasına yönəldilmişdir.
Hesabat dövründə Təhsil Sektorunun Inkişafi Layihəsi çərçivəsində «Kurrikulum islahatı» alt-komponenti üzrə görülmüş işlərə dair rüblük hesabatlar hazırlanmış, DB-dən, CİTO beynəlxalq məsləhətçi şirkətindən daxil olan hesabat və digər sənədlər araşdırılıb müvafiq sənədlər tərtib olunmuşdur.
2008/2009-cu dərs ilində I siniflərdə yeni kurrikulumların tətbiqi ilə əlaqədar hazırlıq işləri aparılmış, tanınmış mütəxəssislərin, müəllimlərin, ümumtəhsil məktəbləri rəhbərlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə geniş müzakirələr keçirildikdən sonra Nazirliyin 23.07.2007-ci il tarixli, 923 nömrəli əmri ilə respublikanın təlim Azərbaycan və qeyri dillərdə aparılan ümumtəhsil məktəblərinin I-IV siniflər üçün yeni fənn kurrikulumları və tədris planları təsdiq edilmişdir.
«Kurrikulum islahatı» alt-komponenti çərçivəsində hazırlanmış sənədlərin mahiyyətinin izahı və tətbiqi sahəsində öyrədici xarakterli tədbirlərin həyata keçirilməsi zərurətini nəzərə alaraq cari ilin mart-may aylarında Abşeron rayonunda, Sumqayıt və Bakı şəhərinin məktəblərində I sinifdə dərs deyəcək müəllimlər üçün «Məzmun standartları», «Təlim strategiyaları» və «Qiymətləndirmə» mövzusunda seminar keçirilmişdir.
Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurrikulumu) əsasında hazırlanıb təsdiq olunmuş fənn kurrikulumlarının tətbiqi ilə bağlı 2008/2009-cu dərs ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün respublikanın bütün şəhər və rayonlarında öyrədici treninqlər keçirilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 №-li qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulum)» əsasında hazırlanmış fənn kurrikulumlarının tətbiqi ilə bağlı maarifləndirmə tədbirlərinin səmərəliliyini yüksəltmək, müəllimlərə metodik köməyi gücləndirmək, ümumi təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində elmi-tədqiqat işlərini genişləndirmək və bu sahədə qabaqcıl təcrübə nümunələrinin yayılmasını təmin etmək məqsədilə Nazirliyin 27.07.2007-ci il tarixli, 847 nömrəli əmri ilə «Kurrikulum curnalı» təsis edilmişdir. 2008-ci ildə curnalın ilk 4 nömrəsi çapdan çıxmışdır.
Kurrikulum islahatı üzrə 2008-2013-cü illəri əhatə edən icra planı hazırlanıb Layihəni Əlaqələndirmə Qrupuna təqdim edilmişdir.
Cari dərs ilinin əvvəlində ibtidai sinif müəllimləri üçün «Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurrikulumları» kitabı Azərbaycan və rus dillərində nəşr edilib respublikanın bütün məktəblərinə çatdırılmışdır. Eyni zamanda ibtidai sinif müəllimləri üçün «Fənn kurrikulumlarına dair praktik işlər» kitabı çap olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 17.04.2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)»nın icrası ilə əlaqədar, nəzərdə tutulduğu kimi, geniş ictimaiyyətə bu tarixi sənədin mahiyyəti və əhəmiyyətinin izahı, qarşıda duran vəzifələrin şərhi, habelə rəy və təkliflərin öyrənilməsi üçün zona müşavirələrinin keçirilməsinə başlanmışdır. Bu tədbirlə paralel olaraq, rayon və şəhərlərdə fundamental fənlər (fizika, riyaziyyat, kimya, biologiya, informatika) və xüsusi qabiliyyət tələb edən sahələr üzrə istedadı ilə fərqlənən şagirdlər haqqında məlumatların toplanması və bunun əsasında Nazirlikdə Məlumat Bankının yaradılması təşkil olunmuşdur. İlkin mərhələdə yerlərdən daxil olmuş məlumatlara əsasən, 15 min nəfərədək (fənlər üzrə 4540, incəsənət sahələri üzrə 10020) şagird qeydə alınmışdır. Sonrakı mərhələdə isə təhsil şöbələri ilə birgə həmin məlumatların dəqiqləşdirilməsi prosesi aparılmışdır. Nəticə etibarı ilə fənlər üzrə 3143 (fizika-513, kimya-431, riyaziyyat-1392, biologiya-557, informatika-250), xüsusi qabiliyyət tələb edən sahələr üzrə 4756 daha istedadlı şagird seçilib ayrıca siyahılaşdırılmışdır. Bununla belə, dəyişikliklər, dəqiqləşdirmələr növbəti mərhələlərdə də davam etdirilmişdir. Belə ki, Proqrama əsasən, mütəxəssislərin, tanınmış alimlərin iştirakı ilə 2007/2008-ci dərs ilində bu şagirdlərin arasından təkrar seçim aparılmışdır. Fizika, riyaziyyat, kimya və biologiya fənlərindən istedadlıların arasından ən istedadlıların seçilməsi məqsədilə həmin fənlər üzrə VIII-X sinif şagirdlərinin adlı siyahısı müəyyənləşdirilmişdir. Bakı şəhərində 24-30 may 2008-ci il tarixlərdə riyaziyyat, fizika, kimya və biologiya fənlərindən istedadlı uşaqlar arasından ən istedadlılarının təkrar seçimi aparılmışdır. Seçim prosesində riyaziyyat fənnindən 260, fizikadan 126, kimyadan 138, biologiyadan 155 nəfər iştirak etmişdir. Riyaziyyat və kimya fənlərinin hər birindən 6, fizikadan 4, biologiyadan 3 nəfər ən yüksək nəticə göstərmiş şagirdə Təhsil Nazirliyinin Fəxri Fərmanı, riyaziyyatdan 16, kimyadan 12, fizikadan 8, biologiyadan 3 nəfər I, riyaziyyatdan 25, fizikadan 12, kimyadan 10, biologiyadan 3 nəfər II, kimyadan 15, riyaziyyatdan 13, fizikadan 10, biologiyadan 4 nəfər III dərəcəli diplomla təltif olunmuşdur. 2008-ci ilin 4-17 avqustunda 44 nəfər istedadlı uşaq üçün Bakının Şüvəlan qəsəbəsində təlim-istirahət düşərgəsi təşkil edilmişdir. Bu proses dövri olaraq daim aparılacaqdır.
Dövlət Proqramında qeyd olunan vacib məqamlardan biri də istedadlı uşaq və gənclərin aşkara çıxarılması və bunlarla iş sahəsində mövcud problemlərin həllinə yönəlmiş elmi-tədqiqat işlərinin aparılmasıdır. Uzun illərdən bəri ölkəmizdə müxtəlif yaş dövrlərində əsl istedadın müəyyənləşdirilməsinə, bu məsələnin elmi-psixoloci baxımdan xarakterik cəhətlərinə həsr edilmiş tədqiqatlar lazımi səviyyədə həyata keçirilməmişdir. Ona görə də Təhsil Problemləri İnstitutunda bu problemə müasir yanaşmaları əks etdirən bir neçə istiqamətdə tədqiqatlara başlanılmış, tədqiqatlar üçün praktik baza yaratmaq və nəticələri sınaqdan keçirmək məqsədilə Nazirlik üzrə əmrlə respublikanın 21 bölgəsində 32 pilot məktəbi yaradılmışdır.           
Dövlət Proqramına uyğun olaraq, ümumtəhsil məktəblərin müəllimləri üçün istedadlı uşaq və gənclərlə fəaliyyətin xarakterik xüsusiyyətlərinə həsr edilmiş ixtisasartırma tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati işlər vaxtında başa çatdırılmış, ixtisasartırmaya cəlb olunacaq 6375 nəfər müəyyənləşdirilmişdir. Onların 2007-2010-cu illərdə AMİ-də ixtisasartırma kursuna cəlbi ilə bağlı 4 illik qrafik tərtib edilmişdir. Qrafikə əsasən 2007/2008-ci dərs ilində 823 nəfər müəllim kursdan keçmişdir. Bu iş 2008/2009-cu dərs ilində də davam etdirilir.
İstedadlı şagirdlərin təhsil aldığı lisey və gimnaziyaların ali təhsil müəssisələri ilə işgüzar əlaqələrinin yaradılması da diqqət mərkəzində saxlanılır. Ötən müddət ərzində lisey və gimnaziyaların müvafiq ali məktəblərə təhkim olunması, bu müəssisələrin ali məktəblərin tədris bazasından istifadə etmələri, şagirdlərin alimlər tərəfindən elmi himayəyə götürülməsi, istedadları ilə fərqlənənlərə ali təhsil müəssisələrinin təqaüdlərinin təsis edilməsi, ali məktəblərin nəzdində yeni tipli ümumtəhsil müəssisələrinin yaradılması və sair bu kimi məsələlər bir neçə dəfə müzakirə olunmuş və təkliflər bildirilmişdir. Hazırda nəzərdə tutulan həmin tədbirlərin sistemli həyata keçirilməsinə başlanılmışdır.
Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin sırasında istedadlı uşaq və gənclərlə iş sahəsində müasir dünya təcrübəsinin öyrənilməsi xüsusi yer tutur. Bununla əlaqədar ilkin mərhələdə sistem baxımından ölkəmizə yaxın dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsi nəzərdə tutulmuş, bu işdə əməkdaşlıq etmək və köməklik göstərmək üçün Rusiya Federasiyasının, Belarus və Qazaxstan respublikalarının təhsil nazirliklərinə məktubla müraciət edilmişdir.
Qazaxstan Respublikasından gətirilmiş «Psixoloqiçeskaya diaqnostika odarennıx detey» və «Psixoloqiçeskoe soprovocdenie detey» kitabları Azərbaycan dilinə tərcümə edilmiş və «Təhsil» nəşriyyatında hər biri 1500 tiracla çap olunaraq yerlərə çatdırılmışdır. Belarus Respublikasının iş təcrübəsini öyrənmək məqsədilə Nazirliyin 08.04.2008-ci il tarixli, 11/165 nömrəli əmrilə TPİ-nin şöbə müdiri E.Bəylərov həmin respublikada ezamiyyədə olmuşdur. Görülmüş işlər barədə geniş hesabat hazırlanmışdır. Proqramın icrası başa çatanadək digər xarici ölkələrin təcrübəsindən də yararlanmaq planlaşdırılır.
Yerli mütəxəssislər tərəfindən müvafiq test və dünya fənn olimpiadaları səviyyəsində tapşırıq toplularının, diaqnostik metodikaların və digər bu kimi vəsaitlərin hazırlanıb nəşr edilməsi də diqqətdə saxlanılmışdır. Belə ki, 2008-ci ilin fevralından etibarən həmin işlərin yerinə yetirilməsinə alim və mütəxəssisləri cəlb etmək məqsədilə kütləvi informasiya vasitələrində elanlar verilmiş, iştirak etmək arzusunda olanların Nazirlikdə rəsmi qeydiyyatı aparılmışdır. Müəyyən olunmuş proseduraya görə, onlarla nəzərdə tutulan işlərin yerinə yetirilməsi mexanizmini əks etdirən müqavilə bağlanmışdır. Nazirliyin «Komissiya yaradılması barədə» 22.10.2007-ci il tarixli, 1047 nömrəli əmri ilə müsabiqənin təşkili və keçirilməsi «şərtlər»i hazırlanmışdır. Müsabiqə qalibi olmuş «Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant» (müəlliflər R.Quliyev, F.Qarayev), «Uşaqlarda istedadın müəyyənləşdirilməsi və inkişaf etdirilməsi» (müəllif E.Bəylərov) vəsaitləri hər biri 1500 nüsxədən ibarət olmaqla «Təhsil» nəşriyyatında çap olunmuş və yerlərə paylanılmışdır. Bu cür vəsaitlərin nəşrində əsas diqqət isə istedadlı uşaq və gənclərin aşkara çıxarılması üzrə işlək sistemin yaradılması, belə şagirdlərlə iş aparan müəllim və məktəb rəhbərlərinə metodik köməklik göstərilməsi kimi vacib məsələlərə yönəldilmişdir.
İstedadlı şagirdlərin potensial imkanlarının müəyyən edilməsində, tədqiqatçılıq qabiliyyətlərinin üzə çıxarılması və formalaşdırılmasında, onların gələcək inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsində mühüm rolunu nəzərə alaraq, AMEA ilə birgə «Kiçik Akademiya»nın əsasnaməsi hazırlanıb təsdiq edilmişdir. Respublika səviyyəsində təşkil olunacaq «Kiçik Akademiya»nın fəaliyyətində şagird və müəllimlərlə bərabər, tanınmış alimlərin də yaxından iştirakı təmin ediləcəkdir. Bununla yanaşı, «İstedad» curnalı da təsis olunmuş və mövcud qaydada qeydiyyata alınmışdır.
Məlumdur ki, istedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və rəğbətləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır. Dövlət Proqramında bu amil xüsusilə nəzərə alınmış, olimpiada hərəkatının gücləndirilməsi istiqamətində zəruri tədbirlər müəyyənləşdirilmişdir. Bu tədbirlərin icrası ilə bağlı Nazirliyin təlimati məktubu əsasında yerlərdə olimpiadalara hazırlıq mərkəzləri təşkil olunmuş, bunlara elmi-nəzəri, metodik cəhətdən fərqlənən müəllim və metodistlər cəlb edilmişdir. Aparılmış məqsədyönlü işlərin nəticəsində məktəblərdə ayrı-ayrı fənlər üzrə olimpiadalarda iştiraka layiq xeyli şagird seçilmiş və onların hazırlığına nəzarət gücləndirilmişdir. Dövlət Proqramının tələbinə əsasən, yerlərdə istedadlı şagirdlər üçün təqaüdlərin təsis olunmasına başlanması da olimpiada hərəkatına təkan verən amillərdən birinə çevrilmişdir. Nazirliyin müvafiq əmrləri ilə Dünya fənn olimpiadaları iştirakçıları hər ilin aprel və noyabr aylarında dərs məşğələlərindən azad edilmiş, 2007/2008-ci dərs ilində Respublika fənn olimpiadalarında I yeri tutmuş XI sinif şagirdləri buraxılış imtahanlarından azad olunmuşlar. Təhsil Nazirliyində belə bir rəyə gəlinmişdir ki, müvafiq fənn müəllimlərinin rəğbətləndirilməsi, mükafata təqdim olunması zamanı onların istedadlı şagirdləri olimpiadalara hazırlaşdırmaları və bu sahədə əldə etdikləri müsbət nəticələr əsas göstəricilərdən biri kimi nəzərə alınmalıdır.
Yeni tipli təhsil müəssisələri haqqında nümunəvi Əsasnamə layihələrinin hazırlanması məqsədilə Nazirlikdə işçi qrupu yaradılmış, hazırda bu məqsədlə müəyyən iş aparılır.
Dövlət Proqramında diqqətçəkən, təhsilə dövlət qayğısını şərtləndirən məqamlardan biri də yerlərdə, xüsusilə kənd rayonlarında istedadlı şagirdlərin səmərəli təhsil almasına şərait yaradan yeni tipli ümumi təhsil müəssisələrinin təşkil edilməsi ilə əlaqədardır. Dövlət Proqramının tətbiqinə qədər şəhərlərdə, ilk növbədə Bakı, Sumqayıt və Mingəçevirdə bu məsələ ilə bağlı problem olmasa da, 59 kənd rayonundan cəmi 9-da belə müəssisələr fəaliyyət göstərmişdir. Ona görə də Təhsil Nazirliyinin müraciət məktubuna əsasən, icra hakimiyyətləri və təhsil şöbələrindən alınmış məlumatların təhlili aparılaraq rayonlarda yaradılacaq lisey və gimnaziyaların, ümumtəhsil məktəblərinin nəzdində açılacaq lisey siniflərinin 2007-2010-cu illəri əhatə edən qrafik-planı hazırlanmışdır. Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar 2006-2008-ci illərdə Respublika üzrə 6 gimnaziya, 6 lisey, 37 məktəbdə isə lisey siifləri açılmışdır. 2008/2009-cu dərs ilində Respublikanın şəhər və rayonlarında 11 gimnaziya, 35 lisey, 49 məktəbdə isə lisey sinifləri fəaliyyət göstərir. Bu müəssisələrdə 35.000-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 3000-ə qədər müəllim məşğul olur.
Dövlət Proqramında nəzərdə tutulduğu kimi, hazırda fəaliyyət göstərən lisey, gimnaziya və məktəb-liseylərin maddi-tədris bazasının möhkəmləndirilməsi, o cümlədən əsaslı təmir aparılması sahəsində də müəyyən işlər görülmüşdür.
2008-ci ildə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının və Mingəçevir şəhəri təbiət-riyaziyyat təmayüllü liseyin istilik sistemləri, Ağstafa rayonu texniki və humanitar təmayüllü liseyin istilik sistemi və sanuzelləri, Quba rayonu texniki təmayüllü liseyin istilik sistemi, dam örtüyü və sinif otaqları əsaslı təmir olunmuş, bu işlərin görülməsi üçün 500.000 manat vəsait xərclənmişdir.
Dövlət Proqramında nəzərdə tutulan məsələlərdən biri də yeni tipli müəssisələrin mövcud tədris-maddi bazasının möhkəmləndirilməsidir. Bununla əlaqədar 2007-2008-ci illərdə 544100 manat məbləğində inventar və avadanlıqlar alınaraq lisey və gimnaziyalara verilmişdir.
İstedadlı uşaqların aşkarlanması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi ilə Sumqayıt şəhərində fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Assosiyasının (AMMA) 2008-ci il üçün birgə Fəaliyyət Planı hazırlanıb təsdiq olunmuşdur. Hazırda bu istiqamətdə regionlarda məqsədyönlü iş aparılır.
Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) həyata keçirilməsi ilə əlaqədar yaradılmış Koordinasiya şurasının 2008-ci il üçün fəaliyyət planında nəzərdə tutulan işlər həyata keçirilmişdir.
Respublika psixoloci-tibbi-pedaqoji komissiyasının əsasnaməyə uyğun iclasları keçirilmiş, xüsusi təhsil müəssisələrinə şagird qəbulunun həmin komissiyanın qərarı əsasında həyata keçirilməsi təmin olunmuşdur.
Təhsil Nazirliyinin 09.06.2008-ci il tarixli, 720 nömrəli əmri ilə «2008/2009-cu dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında» və «Ümumtəhsil məktəblərinin I sinifləri üçün tədris planlarının təsdiqi haqqında» əmrləri hazırlanmış, tədris planları mətbəədə çap olunaraq bütün tipdən olan ümumtəhsil məktəblərinə, rayon (şəhər) təhsil şöbələrinə çatdırılmışdır.
Təhsil Nazirliyinin «Xüsusi təhsil müəssisələrinin tədris planlarının təsdiqi haqqında» hər bir müəssisə üçün əmri hazırlanmış, tədris planları çoxaldılaraq xüsusi təhsil müəssisələrinin istifadəsinə verilmişdir.
Təhsil Nazirliyinin 01.07.2008-ci il tarixli, 843 nömrəli əmri ilə 2008/2009-cu dərs ili üçün yeni tipli təhsil müəssisələrinin tədris planları təsdiq olunaraq yerlərə göndərilmişdir.
2007-ci ilin kənd rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərinin əlaçı məzunlarının ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr təhlil olunmuş, 04.06.2008-ci il tarixdə Nazirlilyin kollegiya iclasında “2006/2007-ci dərs ilində ümumtəhsil məktəblərinin XI siniflərini əla qiymətlər və fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti haqqında” məsələ müzakirə edilrərək müvafiq qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar Nazirliyin 07.07.2008-ci il tarixli 866 nömrəli əmri hazırlanaraq yerlərə çatdırılmışdır.
2008-ci ilin əvvəlindən Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 04 sentyabr tarixli 2373 nömrəli Sərəncamının icrası ilə əlaqədar ilkin təıdbirlər həyata keçirilmişdir. Ölkə Prezidentinin «Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətlərinin və «Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında» 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanı Təhsil Nazirliyinin 2008-ci il 13 mart tarixli 334 nömrəli əmri ilə pedaqoji ictimaiyyətə elan olunmuş, qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar zəruri tədbirlər müəyyənləşdirilmişdir. Nazirliyin 2008-ci il 26 fevral tarixli 268 nömrəli əmrinə əsasən hər iki müsabiqədə iştirak üçün təqdim edilmiş sənədləri qeydiyyata almaq və «Qaydalar»da müəyyən edilmiş şərtlər üzrə onların ekspertizasını aparmaq məqsədilə ekspert qrupları yaradılmışdır. Ekspert qrupları 393 müəllim və 126 məktəbin sənədlərinə baxmış ekspertizanın nəticələrinə görə 208 müəllim və 102 məktəb növbəti mərhələlərə buraxılmışdır.
Müəyyən olunmuş qaydalara görə ikinci mərhələdə 47 rayon və şəhəri təmsil edən müəllimlərin sınaq dərslərinin təşkili üçün Bakı şəhərində 28 məktəb müəyyənləşdirilmiş, Nazirliyin 2008-ci il 21 aprel tarixli 472 nömrəli əmri ilə fənlər üzrə müəllimlərin say nisbəti nəzərə alınmaqla 106 nəfərdən ibarət 44 fənn komissiyası yaradılmış, onların tərkibinə tanınmış alimlər, mütəxəssis və metodistlər daxil edilmişdir. Müsabiqənin ikinci mərhələsi 2008-ci il aprelin 23-də başlanıb 25-də yekunlaşdırılmışdır. Hər bir sınaq dərsi videolentə alınmış, dərs bitdikdən dərhal sonra onun müzakirəsi aparılmışdır. Sınaq dərsləri «Qaydalar»da qeyd edilmiş istiqamətlər ciddi nəzərə alınmaqla Təşkilat Komitəsində razılaşdırılmış 12 göstərici üzrə qiymətləndirilmişdir. Müsabiqənin üçüncü mərhələsində, «Qaydalar»da göstərildiyi kimi, təhsil sahəsində aktual məsələlərə dair Təşkilat Komitəsinin müəyyən etdiyi mövzu ətrafında iştirakçı müəllimlərin təqdimatları dinlənilmişdir. Təqdimatların qiymətləndirilməsi proseduru «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsində tətbiq olunan qayda üzrə aparılmışdır.
Müsabiqənin yekununda hər üç mərhələnin balları əsasında müəllimlərə yekun bal müəyyən edilmiş və ən yüksək nəticə göstərən 95 nəfər müəllimin siyahısı hazırlanmışdır.
Məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) və respublika mərhələsinin keçirilməsi və yekunlaşdırılması üçün müvafiq təşkilati tədbirlər həyata keçirilmişdir. Respubika üzrə IX, XI siniflərdə təhsil alan 399.064 nəfər şagirddən rayon (şəhər) mərhələsinin I turunda 46.422 (11,6%), II turda 17.128 (4,3%), respublika turunda isə 1112 (0,3%) nəfər iştirak etmişdir. Təhsil Nazirliyinin «Məktəblilərin 2007/2008-ci dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə» 29.05.2008-ci il tarixli, 684 nömrəli əmri hazırlanmışdır.
Məktəblilərin fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri üzrə Beynəlxalq olimpiadalarda iştirakı üçün şəhərlər üzrə ümumi təhsil şöbəsi ilə birgə təşkilati işlər (komandaların tərkibinin müəyyənləşdirilməsi, onların olimpiadalarda iştirakı ilə bağlı əmrlərin hazırlanması, viza və ezamiyyə xərclərinin həlli və s.) görülmüşdür.
2008/2009-cu dərs ilində respublikanın kənd rayonlarının ümumtəhsil məktəblərində mərhələlər üzrə 5 günlük iş həftəsinə keçirilmə vəziyyəti araşdırılmışdır.
Məcburi köçkün rayonlarının ümumtəhsil məktəbləri ilə bağlı statistik məlumatlar toplanılaraq ümumiləşdirilmişdir.
Qax, Zaqatala, Balakən rayonlarının 12 ümumtəhsil məktəbində təhsil alan gürcü uşaqları və onlara dərs deyən gürcü müəllimləri barədə statistik məlumatlar toplanılaraq ümumiləşdirilmişdir.
Respublikanın kənd rayonlarında təhsil alan azsaylı xalqlar (talış, avar, ləzgi, ivrit, zaxur, xınalıq, udin, kürd) barədə statistik məlumatlar toplanılaraq ümumiləşdirilmişdir.
Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən şöbənin əməkdaşı 21-25 iyul 2008-ci il tarixində Təhsil Siyasəti Mərkəzləri Şəbəkəsinin dəstəyi ilə keçirilən “Təhsillə bağlı tədqiqatlar, siyasət və təcrübələr” mövzusunda yay məktəbində    iştirak etmək məqsədi ilə Sloveniyanın Loqadska dolina şəhərinə ezam edilmişdir.
Şöbənin əməkdaşı Linkoln-Nebraska Universitetinin professoru Co Mak Nultinin dəvəti ilə 16 noyabr 2008-ci il tarixdə Azərbaycan, Gürcüstan, Qazaxstan, Türkmənistan, Qırğızıstan, Ermənistan, Hindistan və Bangladeşdən olan təhsil işçilərinin iştirak etdiyi Bakı-Linkoln internet konfransında “İKT Azərbaycan məktəblərində” mövzulu təqdimatla çıxış etmişdir.
Dövlət Dəmir Yolu Liseyi, 12 və 5 nömrəli Bakı Peşə Liseylərdə 2008/2009-cu dərs ilində birinci siniflərdə dərs deyəcək müəllimlərin hazırlanması məqsədi ilə treninqlər aparılmış, I siniflərdə kurrikulumun tətbiqi vəziyyəti araşdırılmışdır.
Təlimata uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların buraxılış imtahanlarından azad olunması ilə əlaqədar şəhər və rayon TŞ-lərindən daxil olmuş materiallar təhlil edilmiş, Təhsil Nazirliyinin «2007/2008-ci dərs ilində ümumtəhsil məktəbləri şagirdlərinin əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarından azad edilməsi haqqında» 02.06.2008-ci il tarixli, 697 nömrəli əmri hazırlanmışdır.
Şöbənin əməkdaşları aprel, may aylarında respublikanın rayonlarında buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə hazırlıq məqsədilə həmin rayonların TŞ rəhbərliyi və əməkdaşları, həmçinn məktəb direktorları üçün izahatyönümlü müşavirələr keçirmiş, onlara imtahanlarla bağlı sənəd nümunələri təqdim etmişlər. Həmin rayonlarda RTŞ-larla birlikdə imtahanların keçiriləcəyi mərkəzlər müəyyənləşdirilib şöbə rəhbərliyinə təqdim olunmuşdur.
İyunun 10-da kənd rayonlarında cavab kartı tətbiq olunmadan mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında yerli təhsil işçilərinə əməli köməklik göstərilmişdir.
2008/2009-cu dərs ilində orta məktəb kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirlməsinə hazırlıq məqsədilə şöbənin əməkdaşları oktyabrın 20-dən 26-dək Şəki, Oğuz, Astara rayonlarında bütün məktəb direktorları, XI sinif şagirdləri,onların valideynləri, fənn müəllimləri və digər ictimaiyyət nümayəndələri ilə müşavirələr keçirmiş, imtahanların yeni qaydada keçirilməsi ilə bağlı yenilikləri onlara çatdırmış, onları maraqlandıran məsələlərlə əlaqədar izahat işləri aparmışlar. Adları çəkilən rayonlarda buraxılış imtahanları keçiriləcək mərkəzlər dəqiqləşdirilmiş, onların texniki vəziyyəti öyrənilmiş, həmin mərkəzlərdə imtahana cəlb olunacaq şagirdlərin sayı müəyyənləşdirilmiş, imtahan nəzarətçiləri seçilmiş, göstərilənlərlə əlaqədar məlumatlar və siyahılar Nazirliyin müvafiq şöbəsinə təqdim edilmişdir.
ABŞ-ın Sülh Korpusunun 6-cı qrupunun Azərbaycana gəlməsi ilə bağlı təşkilati işlər həyata keçirilmiş, həmin könüllülərin hazırlıq kursları keçməsinə şərait yaradılmış, onların 2008/2009-cu dərs ilində ingilis dilinin tədrisi ilə əlaqədar işləyəcəkləri rayon və məktəblər müəyyənləşdirilmişdir.
UNESCO-nun Assosiativ Məktəblər Layihəsi (ASP-net) üzrə təşkilatdan alınmış məlumatlar Respublikamızda layihəyə üzv olan tədris müəssisələrinə çatdırılmış, bu müəssisələrin ASP-net üzrə gördüyü işlər barədə məlumatlar həmin təşkilata bildirilmişdir.
Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyası (AZETA)nın “Encoy English Club” (İngilis dili uşaq klubu)nun Slavyan Universitetində keçirilən IV və V konfranslarında iştirak edilmiş, Nazirliyin AZETA ilə əməkdaşlığı çərçivəsində Şəki, Salyan, Xaçmaz, Qəbələ, Lənkəran və Kürdəmir rayonlarında ingilis dili üzrə uşaq klublarının təşkilinə köməklik göstərilmişdir.
ABŞ-ın “Uşaqların xilası” təşkilatı ilə Nazirliyin birgə həyata keçirdiyi “Uşaqların Tolerantlıq Təhsili Proqramı” çərçivəsində Quba, Şəki, Qazax, Lənkəran Kürdəmir, Goranboy və Abşeron rayonlarında ibtidai təhsil üçün sülh mədəniyyətinə dair seminarlar təşkil olunmuşdur.
“Məktəb uşağın dostudur” standartlarının hazırlanmasına dair Nazirliklə UNİCEF-in keçirdiyi seminarda şöbənin əməkdaşları iştirak etmişlər.
2008-ci ildə şöbəyə daxil olmuş 2920 ərizə, 158 teleqram, o cümlədən yuxarı təşkilatlardan daxil olmuş 840 ərizə və 58 məktub araşdırılmış, müvafiq tədbir görülmüşdür.
Sentyabr konfranslarının yerlərdə keçirilmə vaxtı ilə bağlı məlumatlar toplanmış və şöbənin əməkdaşları həmin konfranslarda iştirak etmişlər.
Azərbaycan müəllimlərinin XIII qurultayının hazırlanıb keçirilməsi ilə bağlı təşkilatı işlərdə əməkdaşlarımız fəallıq götərmişlər.
Əcnəbi vətəndaşların və vətəndaşlığı omayan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını qəbul etməsi ilə bağlı 440 nəfərin Azərbaycan dilini bilmə səviyyəsi müəyyənləşdirilmiş və bu barədə Dövlət Miqrasiya Xidmətinə müvafiq məktublar göndərilmişdir.
2009-cu ildə şöbənin qarşısında duran ən mühüm perspektiv fəaliyyət istiqamətini aidiyyəti şöbələrlə birlikdə icbari təhsilin həyata keçirilməsi, təlim keyfiyyətinin yüksəldilməsi, həmçinin RTŞ aparatı və məktəb rəhbərlərinin peşəkarlıq səviyyəsinin yaxşılaşdırılması məsələləri təşkil edir.


Çap et   Geri   Yuxarı