İstedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və rəğbətləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır. «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)»nda bu amil xüsusilə nəzərə alınıb, olimpiada hərəkatının gücləndirilməsi istiqamətində zəruri tədbirlər müəyyənləşdirilib. Bu tədbirlərin icrası ilə bağlı Nazirliyin təlimati məktubu əsasında yerlərdə olimpiadalara hazırlıq mərkəzləri təşkil olunur, elmi-nəzəri, metodik cəhətdən fərqlənən müəllim və metodistlər həmin mərkəzlərə cəlb edilir. Aparılan məqsədyönlü işlərin nəticəsində məktəblərdə ayrı-ayrı fənlər üzrə olimpiadalarda iştiraka layiq xeyli şagirdlər seçilir və onların hazırlığına nəzarət gücləndirilir. Dövlət Proqramının tələbinə əsasən, yerlərdə istedadlı şagirdlər üçün təqaüdlərin təsis olunmasına başlanması da olimpiada hərəkatına təkan verən amillərdən birinə çevrilib. Nazirliyin müvafiq əmri ilə Dünya fənn olimpiadaları iştirakçıları hər ilin aprel və noyabr aylarında dərs məşğələlərindən azad edilirlər. Respublika fənn olimpiadalarında I yeri tutan XI sinif şagirdləri də buraxılış imtahanlarından azad olunurlar. 2007-2009-cu illərdə məktəblilərin fənn olimpiadalarının Respublika mərhələsində 3 154 nəfər, o cümlədən Azərbaycan dili və ədəbiyyatdan 642, Azərbaycan tarixindən 658, riyaziyyatdan 502, fizikadan 327, kimyadan 331, biologiyadan 583, informatikadan 111 nəfər iştirak edib. İştirtakçılardan 1 053 (33.4 %) nəfəri I-IV yerlərə layiq görülüb. Onlardan 79 (7.5 %) nəfəri I, 133 (12.6 %) nəfəri II, 219 (20.8 %) nəfəri III, 622 (59.1 %) nəfəri IV yeri tutublar. I-III yerlərin qalibləri diplom və medallarla, IV yerin qalibləri isə tarifnamələrlə təltif olunublar.
Məktəblilərin fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri üzrə Beynəlxalq olimpiadalarda iştirakı üçün təşkilati işlər vaxtında icra edilir, komandaların tərkibinin müəyyənləşdirilməsi, onların olimpiadalarda iştirakı ilə bağlı əmrlərin hazırlanması, viza və ezamiyyə xərclərinin həlli kimi məsələlər yerinə yetirilir.