1 Noyabr 2014

Sənədlər

Ali təhsil pilləsinin dövlət standartı və proqramı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 23 aprel tarixli 75 nömrəli
qərarı ilə təsdiq edilmişdir
 
1. Ümumi müddəalar
 
1.1. Ali təhsilin dövlət standartı və proqramı (bundan sonra - dövlət standartı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və ali təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla, müəyyən dövr üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.
Dövlət standartı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunur. Qüvvədə olma müddəti 6 ildir.
1.2. Ali təhsilin məqsədi ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla, müxtəlif ixtisaslar (ixtisaslaşmalar) üzrə yüksəkixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlanmasından ibarətdir.
1.3. Ali təhsilin dövlət standartı aşağıdakıları müəyyən edir:
- ali təhsilin səviyyələri (bakalavr, magistr) üzrə təhsilin məzmununu;
- ali təhsilin idarə olunmasını;
- ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazasını;
- ali təhsilin infrastrukturunu;
- təhsilverənlərin keyfiyyət göstəricilərini;
- təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.
1.4. Azərbaycan Respublikasında ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil proqramları tətbiq edilir.
Bu proqramlar ali təhsilin dövlət standartına uyğun təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edir.
 
2. Ali təhsilin məzmunu
 
2.1. Ali təhsilin məzmununa və təşkilinə dair minimum tələblər aşağıdakılardır:
təhsilalanlarda (tələbələrdə) müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;
öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;
təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatının daha səmərəli ödənilməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabərimkanlı olmasını təmin etmək;
yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;
cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;
təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək.
2.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Təhsil müəssisələrinin imkanları nəzərə alınaraq, təlim xarici dillərdə də aparıla bilər.
 
3. Ali təhsilin idarə olunması
 
3.1. Ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.) aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə olunur.
3.2. Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə ali təhsil müəssisəsində idarə və özünüidarə orqanları (himayəçilər, elmi, elmi-metodiki, təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər.
3.3. Ali təhsil müəssisəsinin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şura seçkili orqandır. Elmi Şuranın yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında" Əsasnamə və təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.
3.4. Ali təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən rektor həyata keçirir.
3.5. Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
 
4. Ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazası
 
4.1. Ali təhsil müəssisəsinin maddi-texniki və tədris bazası daşınan və daşınmaz əmlakdan ibarətdir.
4.2. Ali təhsil müəssisəsinin maddi-texniki və təhsil infrastrukturu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən normativlərə uyğun olmalıdır.
 
5. Ali təhsilin infrastrukturu
 
5.1. Azərbaycan Respublikasında ali təhsil ali təhsil müəssisələrində həyata keçirilir.
5.2. Ali təhsil müəssisələrində mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir:
- bakalavriat (tibb təhsili istisna olmaqla);
- magistratura (tibb təhsili istisna olmaqla);
- doktorantura.
5.3. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir. Onların yaradılması, təşkili və yenidən təşkili mövcud qanunvericiliyə uyğun həyata keçirilir.
5.4. Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:
- əyani;
- qiyabi;
- distant (məsafədən);
- sərbəst (eksternat).
Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.
5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir.
5.6. Tibb təhsili təhsil proqramlarına və dövlət standartlarına uyğun olaraq, əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
5.7. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müvafiq təhsil proqramları əsasında təşkil olunur. Ali təhsil pilləsinin bakalavr səviyyəsini bitirənlərə - bakalavr, magistr səviyyəsini bitirənlərə isə magistr ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli sənəd - diplom verilir.
5.8. Bakalavr diplomu onun sahibinə magistraturada təhsilini davam etdirmək və müvafiq ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq, magistr diplomu isə doktoranturada təhsilini davam etdirmək, elmi tədqiqat və elmi-pedaqoji işlərlə, eləcə də müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir.
5.9. Müxtəlif səbəblərdən ali təhsil pilləsinin müvafiq səviyyələrində təhsilini başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə arayış verilir.
 
6. Təhsilverənlərin keyfiyyət göstəriciləri
 
6.1. Ali təhsil müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricilə-rinə aşağıdakılar daxildir:
öz fəaliyyətlərində innovativ təlim, informasiya-telekommunikasiya, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etmək;
ali təhsilli olmaqla yanaşı, müvafiq elmi dərəcəyə malik olmaq;
mütəmadi olaraq öz elmi səviyyəsini, bilik və bacarıqlarını artırmaq.
Təhsilverənlərin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən edilir.
6.2. Elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərin nəticələri professor-müəllim heyətinin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır.
 
7. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
 
7.1. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi qiymətləndirmə yolu ilə müəyyənləşdirilir.
7.2. Təhsilalanların biliyinin qiymətləndirilməsinin əsas məqsədi təhsilin keyfiyyətinin dəyərləndirilməsinə və nəticə etibarilə onun yüksəldilməsinə xidmət etməkdir.
7.3. Ali təhsil müəssisələrində təhsilalanların biliyinin qiymətləndiril-məsində aşağıdakı prinsiplər nəzərdə tutulmalıdır:
- qiymətləndirmə kriterilərinin ölçüləbilən və etibarlı olması;
- qiymətləndirmədə müxtəlif metod və vasitələrdən istifadə olunması;
- qiymətləndirmədə ədalətliliyin, obyektivliyin, şəffaflığın təmin olunması və qiymətin əsaslandırılması;
- qiymətləndirmədə təhsilalanların özünüqiymətləndirmə bacarığının formalaşması, onlarda öz təlimlərini yaxşılaşdırması istəyinin yaradılması və təlimin keyfiyyətinin yüksəldilməsinə nail olunması.
7.4. Ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilmə səviyyəsi və keyfiyyəti müvafiq qaydalar əsasında cari, aralıq və dövlət attestasiyası zamanı müəyyənləşdirilir. Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir.
Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsialanların biliyi aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı - "qeyri-kafi" - F
51-60 bal - "qənaətbəxş"  - E
61-70 -    "kafi"  - D
71-80 -    "yaxşı"  - C
81-90 -    "çox yaxşı" - B
91-100 - "əla" - A
Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir.
İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.
7.5. Ali təhsilin müvafiq səviyyələri üzrə təlim proqramını (kurikulumu) mənimsəmiş, aralıq və dövlət buraxılış imtahanından müvəffəq qiymət almış tələbələrə ixtisas dərəcəsi və həmin pilləni bitirməsi haqqında diplom verilir.
 
8. Ali təhsil proqramları
 
8.1. Ali təhsil proqramları (kurikulumlar) təlim nəticələrini və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir.
8.2. Ali təhsil proqramları ali təhsilin səviyyələri üzrə təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edir.
8.3. Azərbaycan Respublikasında ali təhsil onun bütün səviyyələrini əhatə edən təhsil proqramları üzrə həyata keçirilir.
Ali təhsil proqramına aşağıdakılar daxildir:
- ali təhsilin ayrı-ayrı səviyyələri (bakalavriat, magistratura, doktorantura) üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatları.
Təsnifatlar respublikanın elm, texnika, mədəniyyətin mövcud və perspektiv inkişaf istiqamətləri, YUNESKO-nun və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlər nəzərə alınmaqla hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir;
- ali təhsil səviyyələrinin ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təlim nəticələrini və məzmun standartlarını, tədris olunan fənləri, dərs yükünü və dərsdənkənar məşğələ saatlarının miqdarını və s. özündə əks etdirən müvafiq təhsil proqramları.
Bu proqramlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir;
- pedaqoji prosesin təşkili, tədris planları, fənn proqramları, metodik təminatla bağlı tövsiyələri, təlimin nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması qaydaları.
Bu sənədlər səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.
8.4. İxtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarının strukturu aşağıdakı kimi müəyyən edilir:
- ümumi müddəalar;
- məzunların ixtisas xarakteristikaları və səriştəliliyi;
- təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər;
- maddi-texniki, tədris bazası və kadr potensialı;
- tədris prosesinin forma və metodları;
- yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə.
Ali təhsilin səviyyələri üzrə təhsil proqramlarında aşağıdakı fənn bölümləri nəzərdə tutulur:
Bakalavriat səviyyəsində:
- humanitar fənlər;
- ixtisasın peşə hazırlığı fənləri.
Humanitar fənn bölümü, sosial fəaliyyətin müxtəlif sahələrində mövcud problemləri və prosesləri araşdırmağı təmin etməlidir.
İxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-standart məsələləri həll etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin öyrənilməsini təmin etməlidir.
Ümumi auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin, 80-85 faizi isə peşə hazırlığını təmin edən fənlərin tədrisinə ayrılır.
Humanitar fənn bölümünə məcburi fənlər kimi "Azərbaycan tarixi", "Azərbaycan dili" (xarici dildə təhsil alanlar üçün), "Xarici dil" fənləri daxildir.
Bakalavr səviyyəsində təkrar ali təhsil alanlar üçün ixtisaslar üzrə təhsil proqramlarına uyğun qısaldılmış proqramlar da tətbiq edilə bilər. Qısaldılmış təhsil proqramlarına yalnız ixtisasın peşə hazırlığı fənləri daxil edilir. Bu proqramlar üzrə təhsil qısaldılmış müddətdə başa çatdırılır.
Magistratura səviyyəsində:
- humanitar fənlər;
- ixtisaslaşma fənləri.
Bu bölümlərə daxil olan fənlərin tədrisi zamanı magistrantlara müvafiq elm sahəsində elmi tədqiqat işlərini aparmaq və təşkil etmək, müasir informasiya texnologiyalarından istifadə etmək, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq, idarəetmə sahəsində fəaliyyət göstərmək vərdişləri aşılanır.
Təhsil proqramları təhsil və elmi tədqiqat hissələrindən ibarətdir. Bu zaman təhsil hissəsinə ayrılan saatların həcmi 40-50 faiz təşkil edir.
Bu təhsil proqramları üzrə humanitar fənlər bölümünə ümumi auditoriya saatlarının 20-25 faizi, ixtisaslaşma fənlərinə 75-80 faizi ayrılır.
Humanitar fənn bölümünə məcburi fənlər kimi "Xarici dil", "Ali məktəb pedaqogikası" və "Psixologiya" fənləri daxildir.
Bakalavr və magistr təhsil proqramlarının bütün fənn bölümlərinə seçmə fənlər daxildir. Hər iki proqramda seçmə fənlərə ayrılan saatın həcmi ümumi saat miqdarının 25-30 faizini təşkil edir. Həmin fənlər təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
8.5. Ali təhsil səviyyəsinin ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təhsil proqramları aşağıdakı tədris-metodiki sənədlər əsasında həyata keçirilir:
- nümunəvi tədris planı;
- işçi tədris planı;
- istehsalat təcrübələrinin keçirilməsinə, buraxılış işlərinin və ma-gistrlik dissertasiyalarının yerinə yetirilməsinə, tələbələrin yekun dövlət attestasiyasına dair metodiki göstərişlər;
- fənn proqramları;
- fənlər üzrə işçi-tədris proqramları (sillabus);
- fənlər üzrə tapşırıqların yerinə yetirilməsi cədvəli;
- dərsliklər, mühazirə mətnləri, əyani vasitələr, təklif olunan ədəbiyyatların siyahısı;
- seminar (praktiki) məşğələlərinin planı;
- fənnin öyrənilməsi ilə bağlı tövsiyələr;
- kurs işlərinin (layihələrinin), laboratoriya və qrafik işlərinin yerinə yetirilməsinə, istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr;
- tələbələrin biliyinin qiymətləndirilməsi üçün tədris-metodiki materiallar (yoxlama və test tapşırıqları, imtahan biletləri, tələbələrin müstəqil hazırlığı üçün suallar və s.);
- fənnə aid proqram və multimedia vasitələri;
- ixtisaslaşdırılmış auditoriya, kabinet və laboratoriyaların siyahısı.
Bu sənədlərin formaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.
8.6. Ali təhsil müəssisələrində tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil olunur. Kredit sistemi üzrə tədrisin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir:
8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla).
Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır.
Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 (15 saat auditoriya və 15 saat tələbənin sərbəst işi) saata bərabərdir.
8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.
Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.
8.7.3. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.
8.7.4. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər.
8.7.5. Tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyası) ibarətdir.
8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.
8.7.7. Hər tədris ilində tətil müddəti 8-12 həftədir (o cümlədən qış tətili müddəti 2 həftədən az olmayaraq).
8.7.8. Ali təhsil müəssisələrində dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və digərləri daxildir.
8.7.9. Akademik saat - 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.
8.7.10. Ali təhsil müəssisələrində tədris işinin aşağıdakı növləri müəyyənləşdirilir:
- mühazirələr;
- seminarlar;
- praktik məşğələlər;
- laboratoriya işləri;
- məsləhətlər;
- tələbənin sərbəst işi;
- tələbənin müəllimin rəhbərliyi altında sərbəst işi;
- təcrübə (tədris, pedaqoji, arxeoloji, çöl, istehsalat, diplom- qabağı və s.);
- stajkeçmə;
- referatların yazılması;
- kurs layihəsi (işi);
- diplom layihəsi (işi);
- magistr dissertasiyası;
- doktorantura dissertasiyası.
Bununla yanaşı, yoxlama tədbirləri də həyata keçirilir. Yoxlama tədbirlərinə cari, aralıq və yoxlama işlərinə nəzarət daxildir.
8.7.11. Professor-müəllim heyətinin tədris işlərinin növləri üzrə normalar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş vaxt normalarına uyğun ali məktəb tərəfindən müəyyənləşdirilir.
8.7.12. Mühazirələr, bir qayda olaraq, professor və dosentlər tərəfindən aparılır. Mühazirələrin aparılmasına kifayət qədər iş təcrübəsi və biliyi olan digər müəssisə və təşkilatların mütəxəssisləri də cəlb oluna bilər.
Seminarlar, praktik məşğələlər, laboratoriya işləri və s. bir qayda olaraq, baş müəllim, müəllim, assistent və s. tərəfindən aparılır.
8.7.13. Dövlət attestasiyasının hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.
8.8. Tədris qruplarında sıxlıq maddi-texniki bazadan asılı olaraq, 15-30 nəfər müəyyənləşdirilir. Eyni ixtisas üzrə olan tədris qrupunda tələbələrin sayı 30 nəfərdən az olduqda, qrupun bölünməsi aparılmır. Bəzi spesifik məşğələ (xarici dil, yaradıcılıq, mədəniyyət, musiqi, incəsənət, idman və s.) və laboratoriya dərsləri üzrə tədris qrupları müvafiq normativlərə uyğun olaraq yarımqruplara bölünə bilərlər.
Humanitar və peşə hazırlığı fənləri bölümlərinə daxil olan fənlər üzrə kreditlərin (saatların) miqdarı və tədris edilən fənnin məzmunu proqram üzrə eyni olduqda, mühazirə dərslərində tədris qrupları birləşdirilir.
8.9. Əlavə ali təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir.


Çap et   Geri   Yuxarı