Güclü maddi-texniki bazaya və yüksək səviyyəli professor-müəllim potensialına malik olan Azərbaycan Respublikasının ali məktəbləri ötən əsrin 60-cı illərindən başlayaraq xarici ölkələr üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlığı sahəsində ilk addımlar atıb. Həmin dövrdə Azərbaycandakı bir sıra təhsil müəssisələrində xaricilər, daha çox Asiya, Afrika və Latın Amerikası ölkələrindən olan tələbələr müxtəlif ixtisaslara yiyələniblər. Bu ali məktəblər sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Musiqi Akademiyasının (ali məktəblərin indiki adları göstərilir) adlarını göstərmək olar.
1961-ci ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun nəzdində yaranmış əcnəbi tələbələr üçün hazırlıq fakultəsi qısa bir zamanda Sovet İttifaqında fəaliyyətdə göstərən 55 hazırlıq fakultəsi arasında M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Leninqrad Politexnik İnstitutundan sonra 3-cü yeri tuturdu. İldə 500-dən artıq əcnəbi vətəndaş qəbul edən bu fakultənin məzunlarının çoxu ölkəmizin ali məktəblərinin müxtəlif fakultələrində təhsillərini davam etdirmək hüququ qazanırdı. Bu illər ərzində dünyanın 70-dən çox ölkəsindən olan minlərlə əcnəbi tələbə Azərbaycanın müxtəlif ali məktəblərinin diplomlarını fəxrlə daşıyaraq aldıqları ixtisasla ölkələrində yüksək səviyyəli mütəxəssis kimi çalışırdılar. Bu ali məktəblərin məzunları arasında dövlət başçısı, nazir, siyasətçi və elm xadimləri, həkim, mühəndis və müəllimlərə rast gəlmək olar.
Müstəqillik əldə etdikdən sonra keçmiş Sovet İttifaqı məkanında yalnız Azərbaycan əcnəbi tələbələrə yarımçıq qalan təhsillərini SSRİ-nin üzərinə götürdüyü öhdəliklər əsasında başa çatdırmaq imkanı yaradıb. O vaxt bu hadisə beynəlxalq aləmdə ən yüksək səviyyələrdə müsbət hal kimi qiymətləndirildi.
Yeri gəlmişkən, ötən əsrin 90-cı illərinin sonlarında respublikamızda artan xarici tələbə kontingentinin tərkibini təhlil edərkən məlum olur ki, bu tələbələrin bir hissəsinin Azərbaycana gəlməsində ölkəmizdə təhsil almış məzunların da təsiri və rolu olub.
Əcnəbilərin yalnız bir qismi müvafiq hökumətlərarası razılaşma əsasında dövlət xətti ilə, qalan əksəriyyəti isə ali məktəblərlə bağladıqları müqavilə əsasında ödənişli təhsil alırlar. Bu da tədris müəssisələrinin maliyyə vəziyyətinə öz müsbət təsirini göstərir. Əcnəbi tələbələr arasında Azərbaycana qonşu olan region ölkələrin vətəndaşları ilə yanaşı, Avropa ölkələrinin, ABŞ, Yaponiya, Çin Xalq Respublikası, Hindistan, Cənubi Koreya Respublikası, İndoneziya və bir sıra ərəb ölkələrinin vətəndaşları da vardır.
Hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti ilə yanaşı, özəl sektordan olan Xəzər Universiteti, Qərb Universiteti, Qafqaz Universiteti, Azərbaycan Beynəlxalq Universiteti, Təfəkkür Universiteti, Odlar Yurdu Universiteti kimi özəl ali məktəblərin hazırlıq və əsas fakültələrində dünyanın 50-ə yaxın ölkəsindən olan əcnəbilər bakalavr, magistratura, aspirantura və doktorantura pillələrində 60-dək ixtisas üzrə təhsil alır.
Ali məktəblərin mövcud potensialı bu gün daha çox əcnəbi tələbənin Azərbaycanda təhsil almasına imkan verir. Lakin bu sahədə yataqxana probleminin mövcudluğu maneə olaraq qalır. Belə ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində respublikamızın işğal olunmuş ərazilərindən qaçqın və məcburi köçkün düşən bir milyondan artıq əhalinin xeyli hissəsi Bakı şəhərindəki ali məktəblərin tələbə yataqxanalarında məskunlaşıb. Odur ki, Azərbaycana təhsil almağa gələn əcnəbilərin yataqxana ilə təmin olunması imkanları son dərəcə məhduddur. Əcnəbi tələbələrlə, ayrı-ayrı ölkələrin təhsil qurumları və Azərbaycanda təhsil almaq arzusunda olanlarla təmaslardan belə bir nəticəyə gəlmək olar ki, ali məktəblərin yataqxana imkanları olduğu təqdirdə əcnəbi tələbələrin sayı əhəmiyyətli dərəcədə arta bilər.
Azərbaycanda əcnəbi tələbələrin, onların təhsil aldıqları ali məktəblərin və təmsil etdikləri ölkələrin sayının artması bu sahədə normativ bazaya yenidən baxılması zərurətini yaratdı. Həm Azərbaycan vətəndaşlarının xaricdə təhsili, həm də əcnəbilərin Azərbaycanda təhsilini tənzimləyən Təhsil Nazirliyi tərəfindən hazırlanan yeni müvafiq əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.03.2001-ci il tarixli, 56 nömrəli qərarı ilə «Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamə» təsdiq edilib. Bu sahədə növbəti bir sənəd təhsil nazirinin 27.03.2001-ci il tarixli əmri ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr qurumlarının əsas fəaliyyət istiqamətləri haqqında təlimat»dır.
Müvafiq Əsasnaməyə görə Azərbaycanın tədris müəssisələrində təhsil aşağıdakı əsaslarla həyata keçirilir:
- hökumətlərarası müqavilələr və Azərbaycan Respublikasının xarici ölkələrlə mədəni və elmi əməkdaşlıq planları əsasında;
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin xarici ölkələrin təhsil qurumları, təhsil müəssisələri və ictimai təşkilatları ilə bağladığı müqavilələr əsasında;
- təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında;
- qeyri-hökumət və xeyriyyə cəmiyyətlərinin təsis etdiyi təqaüdlər əsasında.
Əcnəbi tələbələrin dövlət hesabına təhsili müvafiq müəssisələrin tabe olduğu müvafiq nazirlik, komitə və idarə rəhbərlərinin göndərişi və təhsil müəssisəsi ilə xarici ölkə təhsil müəssisələri arasında bağlanmış müqavilələrə uyğun tələbə mübadiləsi çərçivəsində həyata keçirilə bilər. Dövlət ali təhsil müəssisələrində əcnəbi tələbələrin ödənişli əsaslarla təhsilinin bütün növləri üçün təhsil haqqı təhsil müəssisələrinin təklifi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunur və təsdiq edilir.
Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Başqa əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrə uyğun olaraq, başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil ödənişlidir. Azərbaycan Respublikasının ümumtəhsil məktəblərini bitirmiş və müvafiq təhsil sənədi almış Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilər üçün Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrə müvafiq olaraq, başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil pulludur. Ödənişli əsaslarla oxumaq hüququ qazanmış əcnəbi tələbələr təhsil müəssisəsi ilə vahid qaydalarla təsdiq olunmuş müqaviləyə uyğun olaraq təhsil alırlar.
Azərbaycanda təhsil almaq istəyən əcnəbi vətəndaşların böyük əksəriyyəti ali məktəblərimizdə tədris dilləri olan Azərbaycan və rus dillərindən ya heç birini bilmir, ya da müvafiq bilikləri akademik səviyyədə olmur. Buna görə də Əsasnamədə qeyd olunduğu kimi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əsas təhsilə başlamazdan əvvəl Azərbaycan Respublikasının təhsil müəssisələrində dil üzrə hazırlıq kurslarını bitirmələri haqqında müvafiq dövlət sənədi təqdim etdikdən sonra müvafiq ali məktəblərə qəbul edilirlər. Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər hazırlıq kurslarına qəbul edilə bilərlər. Hazırlıq müddətinin sonunda dinləyicilər buraxılış imtahanları verir və imtahanlardan müvəffəqiyyətlə keçmiş dinləyicilərə təhsil haqqında vahid formada dövlət sənədi olan şəhadətnamələr təqdim edilir. Yalnız bu şəhadətnamələrə sahib olduqdan sonra əcnəbilər müvafiq olaraq fərdi müqavilə əsasında ödənişli yolla, yaxud Təhsil Nazirliyinin göndərişi əsasında dövlət xətti ilə ödənişsiz qaydada ali məktəblərdə təhsil ala bilərlər.
Hazırda respublikamızın 14 ali məktəbində (ali məktəblərin indiki adları verilir) əcnəbi vətəndaşları ali təhsilə hazırlayan aşağıdakı strukturlar mövcuddur:
| 1. |
Azərbaycan Dövlət Neft Akademiyası (fakültə) |
1961 |
| 2. |
Azərbaycan Tibb Universiteti (fakültə) |
1969 |
| 3. |
Azərbaycan Memarlıq və İnşaat Universiteti (fakültə) |
1984 |
| 4. |
Naxçıvan Dövlət Universiteti (əcnəbi vətəndaşların dekanlığının nəzdində) |
1992 |
| 5. |
Bakı Dövlət Universiteti (şöbə) |
1996 |
| 6. |
Azərbaycan Texniki Universiteti (şöbə) |
1996 |
| 7. |
Bakı Slavyan Universiteti (şöbə) |
2000 |
| 8. |
Azərbaycan Dillər Universiteti (mərkəz) |
2002 |
| 9. |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (şöbə) |
2004 |
| 10. |
Bakı Musiqi Akademiyası (bölmə) |
2004 |
| 11. |
Qafqaz Universiteti (fakültə) |
2004 |
| 12. |
Azərbaycan Dövlət İqtisad Universiteti (şöbə) |
2005 |
| 13. |
Sumqayıt Dövlət Universiteti (şöbə) |
2006 |
| 14. |
Azərbaycan Dövlət Pedaqoji Universiteti (fakültə) |
2008 |
Əgər SSRİ dövründə Azərbaycanda təhsil alan əcnəbi tələbələr yalnız rus dilində təhsil alırdılarsa, respublikamız müstəqillik əldə etdikdən sonra əcnəbi tələbələrin bir çoxu tədris dili olaraq Azərbaycan dilini seçirlər. Buna görə də ali məktəblərin əcnəbi vətəndaşlar üçün hazırlıq qurumları hazırlıq kurslarını iki dildə aparır.
Əcnəbi tələbələrlə işləyən kafedralarda yeni tədris planları və proqramları hazırlanaraq təsdiq edilib. Hazırlıq fakültələrində dərslər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təsdiq olunmuş ixtisas qruplarına daxil olan fənlər üzrə vahid tədris planı əsasında aparılır. Dərslərin keçirilməsi üçün ali məktəblərdə xüsusi auditoriya fondu ayrılıb, kafedralarda yeni dərsliklər hazırlanıb, kitabxanalar əcnəbi tələbələrin tədrisi ilə bağlı yeni ədəbiyyatlarla təmin edilib. İstər hazırlıq, istərsə də əsas fakültələrdə əcnəbilərin hazırlığına yüksək ixtisaslı, zəngin təcrübəyə malik olan mütəxəssislər cəlb olunub.
Ali təhsil müəssisələrinin ikinci (magistr) pilləsinə mövcud qaydaların tələbləri gözlənilməklə təhsil səviyyəsi ali təhsilin bakalavr səviyyəsinə uyğun gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul edilirlər. Azərbaycandan kənardakı ali məktəblərin bakalavr pilləsinin məzunu olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dil hazırlığını keçdikdən sonra, yaxud təlim dilini əvvəlcədən bildiyi halda eksternat yolu ilə dil hazırlığı üzrə imtahan verərək magistr pilləsinə qəbul oluna bilərlər.
Aspiranturaya qəbul mövcud qaydalara əsasən ali təhsil və elmi-tədqiqat müəssisələrində həyata keçirilir.
Ötən illərlə müqayisədə 1998-2008-ci illərdə həm əcnəbi tələbələrin, həm də onların təhsil aldıqları ali məktəblərin sayında yüksələn dinamika özünü göstərir. Belə ki, 1998-1999-cu tədris ilində respublikamızda təhsil alan əcnəbi vətəndaşların sayı 1 470 nəfər olub. Həmin rəqəmlərlə müqayisədə Azərbaycanda əcnəbi tələbələrin sayı dörd dəfədən çox artıb. Burada bir məsələ də xüsusilə qeyd olunmalıdır ki, əgər ilk dövrdə əcnəbi tələbələrin böyük əksəriyyətini Türkiyədən olan tələbələr təşkil edirdilərsə, sonrakı illərdə əcnəbi tələbələrin təmsil etdiyi ölkələrin coğrafiyası da xeyli genişlənib. 1999-2000-ci tədris ilində respublikamızda dünyanın 18 ölkəsindən 1 580 əcnəbi tələbə təhsil alıb. 2008-2009-cu tədris ilinə olan məlumata görə Azərbaycan ali məktəblərində 40 ölkədən, o cümlədən Türkiyə, Almaniya, İsrail, Misir, Cənubi Koreya, Pakistan, Hindistan, İordaniya, İran, Banqladeş, Nigeriya, Kipr, Malavi, Mərakeş, Sudan, Yəmən, Liviya, Çin, Tunis, Rusiya Federasiyası və digər ölkələrdən 7 150 tələbə təhsil alıb. 2009/2010-cu tədris ilində bu rəqəm bir az azalaraq 50-ə yaxın ölkədən 6795 nəfər təşkil edir.
Onlar, əsasən beynəlxalq münasibətlər, beynəlxalq iqtisadi münasibətlər, tarix, sosiologiya, psixologiya, fəlsəfə, jurnalistika, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, türk dili və ədəbiyyatı, ingilis dili, alman dili, roman dilləri, avropaşünaslıq, riyaziyyat, kimya, fizika, biologiya, kompüter mühəndisliyi, memarlıq, inşaat, geodeziya, tikinti iqtisadiyyatı, kommersiya, ticarətin iqtisadiyyatı, informatika və idarəetmə, bank işi və pul tədavülü, beynəlxalq biznes, texnologiya və dizayn, istehsal və xidmət sahələrinin iqtisadiyyati, menecment, faydalı qazıntı yataqlarının işlənməsi, texnoloji maşınlar və avadanlıqlar, neft və qaz quyularının işlənməsi və istismarı, neft və qaz kəmərlərinin və anbarlarının layihələndirilməsi, elektromexanika, neft və qaz quyularının qazılması, neft-qaz və alternativ enerji texnologiyası, müxtəlif fənlərə aid pedaqoji ixtisaslar, qrafika, dizayn, rəngkar, teatr-dekor, xanəndə, xalq çalğı alətləri, xor-dirijor, bəstəkarlıq, musiqişünaslıq, regionşünaslıq, tərcümə, yunanşünaslıq, müalicə-profilaktika, stomatologiya, əczaçılıq və digər ixtisaslara üstünlük verirlər.
Əcnəbi tələbələrin sayındakı artımı bir neçə amil ilə izah etmək olar. Bunlardan ən başlıcası respublikamızda stabil ictimai-siyasi mühitin olmasıdır. Ulu öndərimiz Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda yaranmış stabillik, inkişaf dinamikası və Azərbaycanın dünyada tanınması yolunda əldə olunmuş uğurlar təhsildə, o cümlədən əcnəbilərin Azərbaycanın ali təhsil müəssisələrinə cəlb olunmasında da özünü göstərir. Heydər Əliyev yolunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkəmizə təhsil almaq üçün gələn əcnəbilər, həqiqətən, respublikamızdakı mühitdən, o cümlədən təhsildən razı qaldıqlarını həmişə ifadə edirlər.
Eyni zamanda, Azərbaycanın diplomların tanınması istiqamətində 3 beynəlxalq konvensiyaya, o cümlədən 1997-ci ildə qəbul olunmuş Avropa regionunu əhatə edən Lissabon Konvensiyasına qoşulması universitetlərimiz tərəfindən verilən diplomların digər dövlətlərdə tanınması üçün çox əhəmiyyətli hüquqi bazadır.
2004-cü ildə Avropa İttifaqının Yeni Qonşuluq Siyasətinə dair qəbul etdiyi Strategiya Sənədində bu qurumun təhsil proqramlarında “yeni qonşular”, o cümlədən Azərbaycanın iştirakı da nəzərdə tutulub. Qeyd olunan proqramlarda Azərbaycanın iştirakı Avropa İttifaqı ilə ölkəmiz arasında təhsil sahəsində qarşılıqlı faydalı əlaqələri yeni mərhələyə yönəldilib.
2005-ci ilin may ayında Azərbaycan Vahid Avropa Ali Təhsil Məkanının yaradılmasını nəzərdə tutan Bolonya prosesinə qoşulub. Bu Azərbaycanın təhsil sisteminin Avropa Ali Təhsil Məkanına daha səmərəli inteqrasiyasına geniş imkanlar yaradır. Bolonya prosesi çərçivəsində 2010-cu ilədək regionda Vahid Ali Təhsil Məkanının yaradılması prosesinin başa çatdırılmasının planlaşdırıldığını nəzərə alsaq, qarşıdakı müddətdə Azərbaycanda ali təhsil sahəsində fundamental dəyişikliklərin aparılması zərurəti yaranır. Avropanın 45 ölkəsini əhatə edən bu prosesə daha yaxından və səmərəli inteqrasiya olunmaq üçün Təhsil Nazirliyinin 16.01.2006-cı il tarixli əmri ilə xüsusi Tədbirlər Planı təsdiq olunub. Hazırda Bolonya prinsiplərinin Respublikamızın ali təhsil sistemində tətbiqi istiqamətində ciddi addımlar atılır. Bolonya prinsiplərinin uğurla həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci il tarixli Sərəncamı ilə daha əsaslı zəmin yaranıb.
Türkiyədən gələn tələbələrin Azərbaycan ali məktəblərinə qəbulu digər ölkələrlə müqayisədə fərqli prosedurlarla aparılır. Belə ki, Azərbaycan ali məktəblərində təhsil almaq istəyən Türkiyə vətəndaşları yalnız bu ölkənin Ali Təhsil Şurası (YÖK) tərəfindən tanınmış ali məktəblərin müəyyən ixtisaslarında təhsil ala bilərlər. Qeyd olunan qurumun hər növbəti dərs ili üçün hazırladığı elan kitabçasında xarici ölkə ali məktəbləri haqqında məlumatlar, bu ali məktəblər üzrə ayrılan ixtisasların sayı və qəbul şərtləri öz əksini tapır. Bu isə o deməkdir ki, türkiyəli gənclər yalnız bu kitabçada elan olunan xarici ali məktəblərin göstərilən ixtisaslarına imtahanlarda iştirak edə bilərlər. Əgər hansısa xarici ali təhsil müəssisəsi haqqında burada məlumatlar yoxdursa, Türkiyə vətəndaşlarının belə təhsil müəssisələrində təhsil alması məqsədəuyğun deyil. Əks halda, onların əldə etdiyi ali təhsil haqqında sənədlərin öz ölkələrində tanınması ciddi problemə çevrilə bilər. Məlumat üçün qeyd edək ki, Azərbaycanın dövlət ali məktəblərinin əksər ixtisasları YÖK tərəfindən tanınıb və onlara qəbul ilə bağlı müvafiq elanlar qeyd olunan kitabçada yerləşdirilir. Respublikamızdakı özəl ali məktəblər isə hələlik (Qafqaz Universiteti istisna olmaqla) bu hüquqa malik deyil.
İki ölkənin Təhsil Nazirlikləri arasında imzalanmış müvafiq razılaşmalara görə, Türkiyədə Ali Təhsil Şurasının (YÖK) Tələbə Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən aparılan imtahanlar nəticəsində xarici ölkələrin, o cümlədən Azərbaycanın ali məktəblərində təhsil almaq hüququ qazanmış şəxslər seçilir. Bu prosesdə, həmçinin, ikitərəfli tələbə mübadiləsi çərçivəsində Azərbaycan Təhsil Nazirliyinin Türkiyə tərəfinə ayırdığı təqaüd yerləri hesabına ödənişsiz əsaslarla təhsil alacaq tələbələr də seçilir. Azərbaycanda təhsil almaq hüququ qazanan türkiyəli gənclər ali məktəblərin nəzdində fəaliyyət göstərən hazırlıq fakültə və şöbələrində birillik dil kursunu uğurla bitirdikdən sonra ali məktəblərdə müvafiq ixtisaslar üzrə təhsillərinə başlayırlar.
Azərbaycandakı Türkiyə tələbə kontingentinin böyük əksəriyyəti daha çox pedaqoji, o cümlədən riyaziyyat, biologiya, kimya, fizika, coğrafiya, psixologiya, tarix, habelə beynəlxalq münasibətlər, kompüter mühəndisliyi, iqtisadiyyat, neft-qaz mühəndisliyi kimi ixtisaslar üzrə təhsil alır.
Azərbaycanda təhsil alan əcnəbi tələbə kontingentində ikinci yeri İran vətəndaşları tutur. Onların böyük əksəriyyəti bu ölkədə yaşayan soydaşlarımızdır. İrandan olan tələbələr Azərbaycan dili və ədəbiyyatı, musiqisi, həmçinin memarlıq, mühəndislik və tibb ixtisaslarına daha çox üstünlük verirlər. 2009/2010-cu tədris ilinin göstəricilərinə görə onların sayı 1479 nəfərdir. Müqayisə üçün bildirək ki, bu göstərici 2005-2006-cı tədris ilində 400, 2006-2007-ci ildə - 732, 2007-2008-ci tədris ilində isə 1 230, 2008/2009-cu tədris ilində isə 1557 nəfər olub. Yəni, son dörd ildə onların sayı 4 dəfədən çox artıb. Bu, hər şeydən əvvəl, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi arasında əməkdaşlıq haqqında 2002-ci ildə imzalanan Memorandumun əsasında Azərbaycanın bir sıra ali məktəblərinin-Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Musiqi Akademiyası və Azərbaycan Tibb Universitetinin diplomlarının İranda tanınması ilə bağlıdır.
Son illər əcnəbi tələbələr kontingentində digər ölkələrdən olan tələbələrin də sayının artması müşahidə olunur. Bu artım daha çox Çin, Hindistan, Banqladeş, Pakistan və Nigeriyadan olan tələbələrin sayı ilə bağlıdır.
Əcnəbi tələbələr kontingentində say çoxluğu baxımından üçüncü yerdə Çin Xalq Respublikasından olan tələbələrə qərarlaşıb. Son bir neçə il ərzində Azərbaycanda təhsil alan çinli tələbələrin sayı böyük dinamika ilə dəyişməkdədir.
2002-ci ilə qədər Azərbaycan universitetlərində cəmi bir neçə çinli tələbə təhsil alırdı. 2004-2005-ci tədris ilində Azərbaycanda təhsil alan çinli tələbələrin sayı 143, 2005-2006-cı tədris ilində 164, 2006-2007-ci tədris ilində 219, 2007-2008-ci tədris ilində isə 173 nəfər olub. 2008-2009-cu tədris ilində bu ölkədən 228 tələbə Azərbaycanda təhsil alıb. 2009/2010-cu ildə isə 246 nəfər təhsil alır.
İkitərəfli müqavilə çərçivəsində vətəndaşları Azərbaycan tərəfinin təqaüdləri hesabına təhsil alan ölkələr sırasında Türkmənistan, Hindistan, İraq, Misir, Pakistan, Sudan, Suriya və Nigeriya kimi ölkələrdən olan tələbələrin sayı son illərdə artmaqdadır. Azərbaycanda təhsil alan əcnəbi tələbələr içərisində Malavi, Kamerun, habelə ada dövlətləri olan Mavrikiya və Komor adaları kimi uzaq ölkələrin vətəndaşları da vardır.
Ali məktəblərdə təhsil alan əcnəbilərin təhsil problemləri ilə ali məktəblərin beynəlxalq əlaqələr üzrə qurumu (prorektor), şöbə və müvafiq dekanlığı yaxından məşğul olur. Eyni zamanda bu qurumlar Təhsil Nazirliyinin iştirakı ilə əcnəbi tələbələr üçün mədəni-kütləvi işlərin, beynəlxalq və milli tədbirlərin təşkili ilə məşğul olurlar. Əcnəbi tələbələrin məzuniyyət bayramlarının keçirilməsi və festivalların təşkili gözəl ənənəyə çevrilib. Artıq hər dərs ilinin sonunda «Azərbaycan-mənim ikinci vətənimdir» devizi altında Azərbaycanda təhsil alan əcnəbi tələbələrin musiqili-əyləncəli toplantısı keçirilir.
Respublikamızda təhsil alan əcnəbilərin əksəriyyəti Bakı şəhərində yerləşən ali məktəblərin tələbələridir. Təhsil Nazirliyi regionlarda yerləşən ali məktəblərdə də əcnəbi tələbə kontingentinin artmasında maraqlıdır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin uğurları xüsusilə diqqətəlayiqdir.
2003-2004-cü tədris ilindən başlaryaraq Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı hər il təqribən 1000 nəfər artır. Belə ki, 2003-2004-cü tədris ilində 1 471, 2004-2005-ci tədris ilində 3 442, 2005-2006-cı tədris ilində 4 425, 2006-2007-ci tədris ilində 5 437, 2007-2008-ci tədris ilində 6 358, 2008-2009-cu tədris ilində isə 7 150 nəfər əcnəbi tələbə Azərbaycan ali məktəblərində təhsil alıb. Bu, Azərbaycan ali təhsil sisteminin xarici ölkələr üçün kadr hazırlığı sahəsində ənənələri nəinki qoruyub saxladığını, həm də bu istiqamətdə əhəmiyyətli uğurlar əldə etdiyini deməyə əsas verir.
Bu gün Azərbaycanda əcnəbi tələbələrin təhsili Təhsil Nazirliyinin beynəlxalq əlaqələrinin prioritet istiqamətlərindən birinə çevrilib. Xarici ölkə vətəndaşlarının təhsilə cəlb olunması ilə bağlı beynəlxalq təcrübə göstərir ki, bu sahədə kifayət qədər ciddi rəqabət mövcuddur. Hər bir ölkənin ali məktəbləri daha çox əcnəbi tələbənin cəlb olunmasında maraqlıdırlar.
İkitərəfli razılaşmalar əsasında təqaüdlər hesabına təhsil alan tələbələr istisna olmaqla, əcnəbi vətəndaşların böyük əksəriyyəti fərdi müqavilə əsasında ödənişli yolla təhsil alırlar. Bu isə ali məktəblərin büdcəsinə öz müsbət təsirini göstərir. Daha böyük maraq ölkənin və xalqın mədəniyyətinin, dilinin, mənəvi dəyərlərinin xarici ölkələrdə potensial daşıyıcılarının yetişdirilməsidir. Odur ki, Azərbaycanda təhsil alan əcnəbi vətəndaşların sayının artmasını yalnız təqdirəlayiq hal kimi dəyərləndirmək lazımdır.
1999-2009-cu tədris illəri ərzində Azərbaycanda təhsil alan əcnəbi tələbələrin say dinamikası