20 Dekabr 2014

Sənədlər

Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Bu qanun əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir.
 
I fəsil.
Ümumi müddəalar
 
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. ekoloji təhsil - ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə normaların, xüsusi biliklərin, təcrübənin tədrisi və öyrənilməsi prosesi;
1.0.2. ekoloji biliklər - ətraf mühitə, ekologiyaya, insan və təbiət arasında qarşılıqlı əlaqələrə dair məlumatlar;
1.0.3. ekoloji maarifləndirmə-ekoloji mədəniyyətin formalaşmasına yönəldilmiş ekoloji bilik və təcrübənin yayılması;
1.0.4. ekoloji mədəniyyət - əhalinin və ölkənin ekoloji təhlükəsizliyinə, insanın ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübənin məcmusu.
 
Maddə 2. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericilik
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, təhsil və ətraf mühitin mühafizəsi ilə bağlı qanunlardan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər müvafiq normativ hüquqi aktlardan ibarətdir.
 
Maddə 3. Qanunun təsir dairəsi
3.1. Bu qanunun təsir dairəsinə ekoloji təhsil prinsiplərini özündə əks etdirən və dövlət təhsil standartlarına uyğun fasiləsiz ekoloji təhsil və maarifləndirmə sistemi, həmçinin təhsil müəssisələrində ekoloji təhsilə aid informasiya məkanı daxildir.
3.2. Bu qanun ekoloji təhsil və maarifləndirmə sahəsində idarəetməni həyata keçirən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına, təhsil müəssisələrinə, əhalinin maarifləndirilməsi ilə məşğul olan, həmçinin digər aidiyyəti hüquqi və fiziki şəxslərə şamil edilir.
 
Maddə 4. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri
4.1. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində dövlət siyasəti ətraf mühitin mühafizəsi və təhsil haqqında qanunvericiliyin tələblərinə, müvafiq dövlət proqramlarına, habelə bunlara dair ölkədə və beynəlxalq təcrübədə mövcud olan prinsiplərə uyğun həyata keçirilir.
4.2. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində dövlət siyasətinin prinsiplərinə aşağıdakılar aiddir:
4.2.1. ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kəsə bərabər şəraitin yaradılması;
4.2.2. orta təhsil sistemində ekoloji biliklərin tədrisinin icbariliyi;
4.2.3. ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi;
4.2.4. ekoloji təhsil və maarifləndirmə sahəsində aşkarlığın təmin olunması;
4.2.5. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətinin həyata keçirilməsində əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakına şərait yaradılması.
 
II fəsil.
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində idarəetmə
 
Maddə 5. Ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət hakimiyyəti orqanlarının hüquqları və vəzifələri
5.1. Ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət hakimiyyəti orqanlarının hüquqları və vəzifələri aşağıdakılardır:
5.1.1. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi və onların həyata keçirilməsi;
5.1.2. ekoloji təhsil və maarifləndirmə sisteminin təşkil edilməsi;
5.1.3. ekoloji təhsil və maarifləndirmə sisteminin informasiya və elmi-metodik təminatı;
5.1.4. sahə qanunvericiliyinin digər normativ hüquqi aktlara uyğunluğunun təmin edilməsi;
5.1.5. təhsil və ekoloji təhsil proqramlarının uyğunluğunu təmin etmək üçün dövlət ekspertizasının aparılması;
5.1.6. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müvafiq hüquqi və fiziki şəxslərin fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi;
5.1.7. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət ekoloji proqramların hazırlanması, təsdiqi və həyata keçirilməsi;
5.1.8. ekoloji təhsil və maarifləndirmə sistemi üçün mütəxəssis-ekoloqların, elmi, pedaqoji və digər kadrların hazırlanması və ixtisaslarının artırılması;
5.1.9. ekoloji təhsil sahəsində beynəlxalq müqavilələrin və proqramların, dövlətlərarası sazişlərin hazırlanması və yerinə yetirilməsi;
5.1.10. ekoloji təhsil və maarifləndirmə sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması.
5.1.11. ekoloji təhsilin və maarifləndirmənin təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və onun bərpa edilməsi üzrə fəaliyyətin təmin edilməsi;
5.1.12. ekoloji təhsil və maarifləndirmə məsələlərinin müvafiq dövlət proqramlarına daxil edilməsi;
5.2. Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada hazırlanır, qəbul edilir və dərc olunur.
 
Maddə 6. Ekoloji təhsil və maarifləndirmə sahəsində yerli özünüidarəetmə orqanlarının hüquqları və vəzifələri
6.0. Yerli özünüidarəetmə orqanlarının bu qanuna uyğun olaraq öz səlahiyyətləri daxilində ekoloji təhsili və maarifləndirmə sahəsində aşağıdakı hüquqları və vəzifələri vardır:
6.0.1. ərazi hüdudları daxilində ekoloji təhsilin idarə edilməsi üzrə strukturların yaradılmasında iştirak etmək;
6.0.2. qanunvericiliyə uyğun olaraq ekoloji təhsil və maarifləndirməni təşkil etmək, bu sahədə tədris fəaliyyətini həyata keçirən hüquqi şəxslər yaratmaq, dövlət və bələdiyyə təhsil müəssisələrindən, məlumat-tədris bazasından istifadə etmək;
6.0.3. əhalinin ekoloji təhsili və maarifləndirilməsi üzrə dövlət və regional proqramların işlənməsi və təkmilləşdirilməsi baxımından təkliflər irəli sürmək, qanunvericilikdə nəzərdə tutulan qaydada bu proqramların həyata keçirilməsində iştirak etmək, ekoloji təhsilin inkişafına kömək etmək.
 
Maddə 7. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində fiziki şəxslərin, qeyri-hökumət təşkilatlarının və digər hüquqi şəxslərin hüquqları və vəzifələri
7.1. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində fiziki şəxslərin, qeyri-hökumət təşkilatlarının və digər hüquqi şəxslərin hüquqları və vəzifələri;
7.1.1. dövlət siyasətinə dair təklif və layihələrin, dövlət proqramlarının hazırlanmasında, ekoloji təhsilin keyfiyyəti üzrə aparılan monitorinqdə, sahə üzrə beynəlxalq əməkdaşlıq proqramlarının işlənməsində və həyata keçirilməsində iştirak etmək;
7.1.2. təhsil prosesini təmin etmək məqsədilə tələb olunan ekoloji məlumatlara dair sorğu göndərmək və onu əldə etmək;
7.1.3. məlumat-tədris və ekoloji təhsil bazasını yaratmaq və ondan istifadə etmək;
7.1.4. ekoloji biliklərə yiyələnmək;
7.1.5. ekoloji təhsili qanunvericiliyə müvafiq olaraq dövlət təhsil standartlarına uyğun həyata keçirmək;
7.1.6. hər kəsi təbiətə qayğı və məsuliyyətli münasibət bəsləmək ruhunda tərbiyə etmək.
7.2. Ekoloji təhsil ilə məşğul olan hüquqi və fiziki şəxslər bu sahə üzrə müvafiq sənədə malik olmalıdırlar.
 
Maddə 8. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi
8.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları əhalinin ekoloji təhsili və maarifləndirilmənin təşkili, onun həyata keçirilməsi sahəsində öz fəaliyyətlərini əlaqələndirirlər.
8.2. Bu fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sahələrarası komissiya yaradılır. Bu komissiyanın fəaliyyəti həmin orqanın təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.
8.3. Sahələrarası komissiyanın tərkibinə ətraf mühitin mühafizəsi, qanunvericilik, elm, təhsil, mədəniyyət, kütləvi informasiya vasitələri, iqtisadiyyat, səhiyyə, hüquq- mühafizə və digər dövlət orqanlarının, habelə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil ola bilərlər.
 
Maddə 9. Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuralarının yaradılması
9.1. Ekoloji təhsil və maarifləndirmə sahəsində hüquqi və fiziki şəxslərin ekoloji təhsili, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə məsələləri üzrə məlumatlandırılması, onlara elmi-metodik məsləhətlərin verilməsi məqsədilə məsləhət şuraları yaradılır.
9.2. Məsləhət şuraları ekoloji təhsilin və maarifləndirmənin təşkili və icrası ilə məşğul olan müvafiq hüquqi şəxslərin, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nəzdində yaradılır.
9.3. Məsləhət şuralarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.
 
III fəsil.
Ekoloji təhsil və maarifləndirmə sahəsində standartlar və iqtisadi tənzimlənmə
 
Maddə 10. Ekoloji təhsil sahəsində dövlət təhsil standartları
10.1. Ekoloji təhsil üzrə dövlət təhsil standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqədar dövlət orqanlarının iştirakı ilə hazırlanır və təsdiq edilir.
10.2. Ekoloji təhsil sahəsində təhsil müəssisələrinin tipləri, təhsilalma formaları və mərhələləri üçün nəzərdə tutulan icbari ekoloji təhsil proqramlarının məzmunu müvafiq dövlət təhsil standartlarına uyğun müəyyənləşdirilir.
10.3. Ekoloji təhsil üzrə dövlətin təhsil standartları ekoloji təhsilin keyfiyyətinin yüksədilməsi, bu sahədə mütəxəssislərin bilik səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə aparılan attestasiya sənədlərində əsas götürülür.
 
Maddə 11. Ekoloji təhsil və maarifləndirmə sahəsində iqtisadi tənzimlənmə
11.1. Ekoloji təhsil və maarifləndirmə ilə bağlı fəaliyyətin maliyyə mənbələri aşağıdakılardır:
11.1.1. dövlət və yerli büdcələrdən ayırmalar;
11.1.2. dövlət ekoloji fondların vəsaitləri;
11.1.3.qrantlar, ianələr və qanuna zidd olmayan digər daxilolmalar.
11.2. Maliyyə vəsaitləri aşağıdakı məqsədlər üçün istifadə olunur:
11.2.1. ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı dövlət, regional və digər proqramlar üzrə ekoloji təhsilin və maarifləndirmənin maliyyələşdirilməsinə;
11.2.2. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətini yerinə yetirən hüquqi və fiziki şəxslər üçün maddi və mənəvi stimullaşdırma sisteminin təşkilinə.

IV fəsil.
Əhalinin ekoloji təhsil və maarifləndirilməsi sahəsində qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə nəzarət

Maddə 12. Qanunun yerinə yetirilməsinə nəzarət
12.1. Bu qanunun yerinə yetirilməsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
12.2. Müvafiq icra hakimiyyəti orqanları hər il əhalinin ekoloji təhsili və maarifləndirilməsinə dair hesabat hazırlayır və onu dərc edir.
12.3. Qeyri-hökumət təşkilatları bu qanunun icrası ilə bağlı ictimai nəzarətin həyata keçirilməsində iştirak edə, həmçinin sahələrarası komissiyaya və məsləhət şuralarına bu sahəyə aid təkliflər verə bilərlər.
 
Maddə 13. Qanunun pozulmasına görə məsuliyyət
13.1. Bu qanunun pozulmasına görə məsuliyyət müvafiq qanunvericiliklə müəyyən edilir.
13.2. Ekoloji təhsil və maarifləndirmə sahəsində mübahisələrə qanunvericiliklə müəyyən edilən qaydada baxılır.
 
V fəsil.
Beynəlxalq əməkdaşlıq
 
Maddə 14. Ekoloji təhsil və maarifləndirmə sahəsində beynəlxalq əməkdaşlıq
14.1. Ekoloji təhsilin və maarifləndirmənin səmərəli təşkil edilməsi məqsədi ilə dünya təcrübəsindən istifadə, ölkənin ümumdünya ekoloji təhsil və maarifləndirmə, informasiya məkanına daxil edilməsi məsələləri ekoloji təhsil sahəsində beynəlxalq əməkdaşlıq prinsiplərinə əsaslanır.
14.2. Ekoloji təhsil və maarifləndirmə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq müqavilələr və sazişlər əsasında həyata keçirilir.
14.3. Beynəlxalq əməkdaşlıq dövlət hakimiyyəti orqanları tərəfindən bağlanan müqavilələrə, sazişlərə, konvensiyalara, habelə Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri arasında razılaşmalara uyğun həyata keçirilir.
 
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 10 dekabr 2002-ci il.


Çap et   Geri   Yuxarı